Ağciyər xərçəngində qeyri-invaziv diaqnostika

|

Hazırda qeyri-invaziv diaqnostika metodları onkoloji tədqiqatlarin və bu tədqiqatların onkoloji klinikalara tətbiqinin diqqət mərkəzindədir. Avropa Şurasının H2020 MARIE SKLODOWSKA-CURIE (2017-2022) təqdim etdiyi  Lung Cancer layihəsinin əsas məqsədi daha ucuz başa gələn və qısa müddət ərzində (2-3 saat) müalicənin gedişini dəyişə bilən qeyri-invaziv metodların araşdırılması və onkoloji klinikalarda tətbiqidir. Lung CARD layihəsinin kordinatoru Portuqaliyanın   STAB VIDA şirkətidir.   Qeyd etmək lazımdır ki, STAB VIDA elm-istehsal şirkətidir və öz məhsullarını dünyanın bir çox ölkələrin bazarlarına çıxarır. 2017-ci il yanvarın   1-dən başlayıb, 2022-ci il oktyabr ayının 7-də  başa çatacaq layihənin 16 tərəfdaşından biri də Milli Onkologiya Mərkəzidir. MOM-un Molekulyar onkologiya laboratoriyasının əməkdaşları əldə edilmiş razılığa əsasən 2019-cu ilin oktyabr-noyabrında 1 ay müddətində STAB VIDA kompaniyasının laboratoriyalarında olmuşlar. Öz növbəsində Portuqaliyanın STAB VIDA  kimyəvi proseslər və biotexnologiya üzrə mütəxəssisi Karla Klimenta cari ilin iyun-iyul aylarında Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində işgüzar səfərdə olmuşdur. İşgüzar səfər müddətində layıhənin əsas müvəffəqiyyəti olan Avropa sertifikatlı  Dr.VIDA cihazı və kompaniyanın istehsal etdiyi reagentlər vasitəsi ilə (INFARMED: CERTIFICADO CERTIFICATE N.o 231/DM/2020/V01/2020 – FABRICO/PRODUCTION; INFARMED CDM – Código Dispositivo Médico / Medical Device Code – 63130149, 62974408) 18 ağciyər adenokarsinoması olan xəstədən periferal qan götürülmüş və eyni xəstənin həm şiş, həm qan materialından genetik nümunələr ayrılmışdır. Qeyri-invaziv və invaziv yolla alınan biomateriallarda keçirilən genetik analizlərin nəticələri eyni olmuşdur. Bir xəstənin həm qan materialında, həm şiş toxumasında EGFR genin mutasiyası aşkar edilmişdir. Qeyd etmək vacibdir ki, VIDA cihazı bir çox infeksiyaları, eləcə də COVID-19 infeksiyasını aşkarlamaq üçün reagentlər istehsal edir.

       MOM-la razılaşmaya əsasən, ağciyər xərçəngində qeyri-invaziv yolla müalicə əhəmiyyətli mütasiyaların təyini prosesi davam etdirilir.   

      İşgüzar səfər vaxtı Karla Klimenta eyni zamanda AMEA-nın Biofizika İnstitutunda olmuş və burada gələcək üçtərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

     Birgə tədqiqatın davam etdirilməsi üçün 2 Dr.VIDA cihazı və reagentlər Milli Onkologiya Mərkəzinin Molekulyar onkologiya laboratoriyasında saxlanılmışdır.