Milli Onkologiya Mərkəzi ilə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UİCC, Union for İnternational Cancer Control) arasında əməkdaşlıq.

|

1 Avqust 2015. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi xərçənglə mübarizə istiqamətində həm ölkədə, həm də qlobal miqyasda öz fəal iştirakını davam etdirir. Ölkə rəhbərliyinin daim diqqət və qayğısı sayəsində mərkəzin davamlı inkişafı, yüksək texnologiyalara əsaslanan texniki bazasının təkmilləşdirilməsi, elmi potensialın gücləndirilməsi, onkoloji xəstələrin müayinə və müalicəsində əldə edilən uğurlu nəticələr Milli Onkologiya Mərkəzinin regional və qlobal səviyyədə xərçənglə mübarizə proqramlarında fəal iştirakına imkan verib. Qeyd edilmiş nailiyyətləri nəzərə alaraq, 2015-ci ildə Milli Onkologiya Mərkəzi Xərçəng Əleyhinə Beynəlxalq İttifaqın (UİCC, Union for İnternational Cancer Control) tam hüquqlu üzvü seçilmişdir. Vurğulanmalıdır ki, UİCC onkoloji xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə aparan dünyanın ən böyük təşkilatıdır. UİCC-nin missiyası onkoloji xəstəliklərlə məşğul olan aparıcı tibb mərkəzləri və mütəxəssisləri bir araya gətirərək onların səylərini onkologiyanın problemlərinin həllinə yönəltməkdir. 1933-cü ildə təsis edilmiş bu İttifaq hazırda 300 təşkilatı və aparıcı elmi mərkəzləri özündə birləşdirir.